MUHƏMMƏD SURƏSİ, 7



Ey iman gətirənlər! Əgər siz Allaha yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər. (Muhəmməd surəsi, 7) 

İman gətirənlər həyatları boyu Quran əxlaqını insanlar arasında yaymaq və insanların Allaha iman gətirməsinə səbəb olmaq üçün ciddi səy göstərirlər. Onların bu cəhdlərinin əvəzində inkar edənlərdən bir qrup tarixən iman gətirənlərə qarşı çıxmış, onlara təzyiq və zorakılıqla mane olmağa çalışmışdır. Allah Quranda inkar edənlərə qarşı daima möminlərlə birlikdə olduğunu, onların işlərini asanlaşdıracağını, möminlərə yardımçı və dəstək olacağını bildirir. Allah yolunda səmimi cəhd göstərən möminlər bunları həyatlarının hər anında yaşayırlar. Allah hər işlərində asanlıqla nəticə yaradır, onlara uğur qazandırır. Ən çətin, mürəkkəb görünən hadisələrdə belə möminlərə böyük asanlıq bəxş edir. Hətta zəif imanlı insanların ümidsizliyə düşdüyü, heç bir çıxış yolunun qalmadığını düşündüyü hallarda belə, Allah möminlərə qatından yardım göndərmiş və möminlərə zəfər qazandırmışdır. 

MUMİNUN SURƏSİ, 96


Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri sifətləri daha yaxşı bilirik. (Muminun surəsi, 96) 

Allah bu ayə ilə möminlərə qarşılarına çıxan hər pisliyə ən gözəl şəkildə cavab verməyi buyurur. Bu üstün əxlaqi xüsusiyyət İslam əxlaqında sülh, tolerantlıq və təvazökarlığın əhəmiyyətinə və möminlərin yüksək əxlaqına diqqət çəkir. 


ƏNKƏBUT SURƏSİ, 2


İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? (Ənkəbut surəsi, 2)


Bu ayədə Allah "İman gətirdim", - deyən qullarını dünya həyatında sınayacağını bildirir. Allah insanlardan səmimi iman istəyir. Bu isə "Mən inandım", - deməklə əldə edilə bilməz. İnsanın dünyadakı vəzifəsi uca Allah’a və axirətə iman gətirmək, Quranda bildirilən gözəl əxlaqlı insan olmaq, Allah’ın hədlərini qorumaq və Onun rizasını qazanmağa çalışmaqdır.

İSRA SURƏSİ, 34




“…Əhdə vəfa qılın. Çünki (hər kəs) əhd barəsində sorğu-sual olunacaqdır”. (İsra surəsi, 34) 


Ayədə əhdə vəfa etməyin əhəmiyyətinə diqqət çəkilir, əhdin məsuliyyət olduğu xəbər verilir. Möminlər Allah qarşısında verdikləri sözləri tutmaqla məsuliyyət daşıyırlar. Etibarlı olmaq möminin ən vacib əxlaq xüsusiyyətlərindən biridir. Bütün rəsullar qövmlərində etibarlı insanlar kimi tanınmış, dürüst və əxlaqlı olmuşlar. Əhdə vəfa göstərmək isə etibarın əsas tərkib hissəsidir. 


NƏHL SURƏSİ 97

Mö’min olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.(Nəhl surəsi, 97)

İBRAHİM SURƏSİ 32-34


Göyləri və yeri yaradan, göydən yağmur endirən, o yağmurla sizin üçün ruzi olaraq (cürbəcür) meyvələr yetişdirən, əmri ilə dənizdə üzmək (yüklərinizi bir yerdən başqa yerə daşımaq) üçün gəmiləri sizə (sizin mənafeyinizə) tabe və çayları sizə ram edən Allahdır! (Daim öz hədəqəsində, özləri üçün müəyyən olunmuş yerdə) seyr edən Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınıza verən Odur.(Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın ne’mətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur. (İbrahim surəsi, 32-34)

KƏHF SURƏSİ 8


(Bu da bir həqiqətdir ki) Biz yer üzündə olan hər şeyi (vaxtı gələndə) məhv edib qupquru bir torpağa döndərərik. (Kəhf surəsi, 8)

Yer üzündəki bütün gözəllik və zənginliklər insanları sınamaq üçün Allahın yaratdığı müvəqqəti faydalanılacaq nemətlərdir. Bu ayədə isə Rəbbimiz, insanlara sahib olduqları nemətləri nə qədər qiymətli, nə qədər ehtişamlı, nə qədər gözəl olursa olsun bunların hamısının şübhəsiz quru bir torpağa çevriləcəyini xatırlatmaqdadır.